10.02.2026

Partiya İnternet Portalı

Partiyalar barədə

“Mən dalaşmağın yox, danışmağın tərəfdarıyam” – İqbal Ağazadə

11 min read

İQBAL AĞAZADƏ: “BUNDAN SONRAKI DÖNƏMLƏRDƏ ÜMUMMİLLİ MƏSƏLƏLƏRDƏ HEÇ KİM FƏRQLİ MÖVQE ORTAYA QOYA BİLMƏYƏCƏK”

“525-ci qəzet”in “Siyasi dialoq” rubrikasının növbəti qonağı Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadədir.

***
 – İqbal bəy, iki ilə yaxındır ki, iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Sizcə, ötən müddət ərzində bu istiqamətdə nələrə nail olunub?

– Dialoq o demək deyil ki, başlayan kimi nələrsə əldə olunsun. Uzun müddət idi ki, iqtidar-müxalifət, cəmiyyət münasibətləri gərgin idi. Bu, bir prosesdir başlayıb və nələrə gətirəcəyini görəcəyik. Ən başlıcası biz bir-birimizlə masa arxasında danışmağa vərdiş edirik. Bu, yaxşı bir haldır, çünki həmişə deyirlər ki, problemin həlli üçün ya danışmalısan, ya dalaşmalısan. Biz cəmiyyət olaraq danışmağa üstünlük veririksə, bu, yaxşı haldır. Nəticəni uzun müddət danışaraq, yoxsa qısa zamanda əldə edəcəyimizə gəlincə, hələlik uzunmüddətli danışıqlardan nəsə gözləyirik. Çünki münasibətlər sistemi, cəmiyyətin demokratikləşməsi, mövcud problemlər, bir-birindən xeyli uzaq düşmüş iqtidar-müxalifət münasibətləri qısa zamanda nələrəsə nail olmağı vəd etmir. Düşünürəm ki, bu, pozitiv bir prosesdir və davam etdirmək lazımdır. Proses davam etdikcə də nələrə nail olacağımızı cəmiyyət görəcək.

– Əvvəllər də dialoq adına bir proses aparılıb. Siz də həmin prosesdə iştirak etmisiniz. Və həmin dialoqu xarici vasitəçilər – ATƏT, Avropa Şurası, ABŞ səfirliyi və s. təşkil edirdi. İndi gedən prosesi müqayisə etsək, fərq nədədir?

– Əvvəl proses getmirdi, o, birdəfəlik münasibətlər sistemi idi. Amma indi proses sistematik xarakter alıb. Mütəmadi görüşlər, mütəmadi müzakirələr və s. Bəli, əvvəlkindən çox fərq var. Əgər bundan öncəki prosesdə cari məsələlərə münasibət bildirilirdisə, yaxud birdəfəlik, mövsümü danışıqlar idisə, indi sistemli bir proses gedir.

– Bəzi həmkarlarınız artıq dialoqun müəyyən nəticələrindən danışırlar. Siz necə düşünürsünüz?

– Nəticələrdən danışmaq hələ tezdir. Belə tezliklə də nəticə əldə etmək əslində, bir-birinizi aldatmaqdan başqa bir şey olmayacaq. Nəticə irəlidə olacaq. Biz niyə danışırıq? Biz danışırıq ki, cəmiyyət demokratikləşsin, seçkilərdə, insan haqlarında dönüş olsun, söz, mətbuat azadlığında yeni mərhələ başlasın, məhkəmələr azad olsun. Korrupsiya, rüşvətxorluqla mübarizə gücləndirilsin, ictimai nəzarət bərqərar olsun. Çoxlu sayda məsələlər var. Hələ ki bu məsələlərlə bağlı müzakirələr gedir. Amma bu dialoq özünün nəticəsini 44 günlük müharibədə göstərdi. İlk dəfə idi ki, Azərbaycan cəmiyyəti belə sıx birləşdi, həmrəylik nümayiş etdirdi. İqtidar- müxalifət, bir sözlə, hər kəs çəkici bir nöqtəyə vurdu. Bu, özü çox böyük uğur idi. Biz bundan əvvəlki müharibəni də yaşamışıq, iştirakçısı da olmuşam, müharibə veteranıyam. Onda da siyasi institutların bir-birilə münasibətlərində, bəyanatlarında fərqliliklərin, müxtəlif yanaşmaların, hətta ümummilli məsələlərdə bir araya gəlmədiklərinin şahidi olmuşuq. Bu mərhələ yeni bir mərhələ kimi ancaq o istiqamətdə çox müsbət qiymətləndirilə bilər. Bir başlanğıcdı və düşünürük ki, irəliləyişlər olacaq.

– Qeyd etdiyiniz kimi, müharibədəki həmrəylik bütün cəmiyyət tərəfindən təqdir edildi. Bundan sonra həmrəyliyi davam etdirmək mümkün olacaqmı?

– Mümkün olacaq, çünki bu həmrəyliyə qarşı  çıxanlar cəmiyyət tərəfindən çox ciddi şəkildə təcrid olunacaqlar. Bu, bir mərhələ idi və bunun nümunəsi olmamışdı deyə, ortada qələbə yox idi deyə, hamı düşünürdü ki, elə müxalifət belə olur. Amma müharibə müddətində hamı həmrəylik göstərdi və qələbə əldə olundu. Bu qələbə hamının qələbəsi idi. Bu, əsgərimizin qələbəsi idi, bu, cəmiyyətimizin, iqtidarın, müxalifətin, Azərbaycan xalqının qələbəsi idi. Və artıq bundan sonrakı dönəmlərdə ümummilli məsələlər gündəmə gələndə heç kim fərqli mövqe ortaya qoya bilməyəcək. Hamı bir mövqe sərgiləməyi, millətin və dövlətin tələb olunan mənafelərini qorumağı özünə borc biləcək.

– Dialoq başlanadan sonra bir sıra partiyalara ofislər verildi, qeydiyyata alındılar. Bunu prosesin müsbət tərəfi hesab edirsiniz?

– Siyasi partiya qeydə alınmalı, ofislə təmin edilməli idi. Əslində, bu, hakimiyyətin dialoqsuz yerinə yetirməli olduğu vəzifələrdir. Amma əgər bu dialoqun nəticəsindədirsə, çox yaxşı. Demək, digər məsələlərə də nail olmaq mümkündür.

– Bəs aparılan proses partiyaların cəmiyyətdəki iştirakçılığına, roluna təsir edir?

– Cəmiyyətdə siyasi institutların yerini seçki müəyyənləşdirir. Bütün bu proseslər davam etsə, seçki şəffaf keçirilməsə, heç bir mənası olmayacaq. Siyasi partiyaların yerini iqtidar müəyyən edə bilməz. Bunun üçün tək meyar seçkidir.

– İqbal bəy, müxalifətin Ağdam və Şuşa səfərlərində iştirak etmisiniz?

– Bəli, hər iki səfərdə iştirak etmişəm.

– Bilirsiniz ki, həmin səfərlərdən sonra bəzi müxalif qüvvələr “Avtobus müxalifəti” kimi bir “termin” ortaya atıblar, yəni tənqidlər səsləndirilər. İşğaldan azad olunmuş torpaqları hamı görmək istəyir. Müxalifətin getməyinin nəyi pisdir?

– Bu sualı onlara vermək lazımdır. Mən sadəcə ritorik sual verirəm: Təyyarədə harasa uçanda, yanınızda  bir erməni oturanda, siz ermənimi olursunuz?! Yanınızda bir fərqli cinsin nümayəndəsi əyləşəndə, cinsinizmi dəyişir, sortunuzmu dəyişir?! Mən işğaldan azad olunmuş torpaqlara getmişəm. Məni ora at arabası ilə də aparsaydılar, gedərdim. Hətta ərazilərimiz işğaldan azad olunmasaydı, QHT-lər statusunda üçüncü bir ölkədən ora  aparılsaydım, mütləq getmək istəyərdim. Çünki mən o torpaqlardanam. O torpaqların itkisinin nə demək olduğunu bilirəm. O həsrətin  nə olduğunu bilirəm və həmin torpaqların hər qarışı mənim üçün əvəzsizdir.  Dostlarımız belə düşünür, eybi yox, mən heç kimi düşüncələrinə görə mühakimə etmək istəmirəm. Amma bunu demək istəyirəm ki, düşüncə yanlışdır.

– Bəs bu cür yanaşma sizi incitmir?

– Xeyr, əsla incitmir. Mənim fikrimi və düşüncəmi dəyişməyən və doğru bildiyim şeylər məni heç vaxt incitməz. Məni o incidər ki, səhv etdiyim halda deyim ki, düz edirəm. Bəli, mən düz etmişəm. Öz torpağıma gedirəm, səfəri niyə iqtidarın təşkil etməsinə gəlincə, minalanmış sahələr var, hələlik kütləvi qayıdış yoxdur. Bütün bunların fonunda həm də mən o torpaqları görmək istəyirəm. Bəlkə ömür yetməyəcək. Heç kim sabaha təminat verə bilməz. Amma ən azından artıq içimdə Şuşa, Ağdam, Füzuli nisgili yoxdur. Hamıya məsləhət görərdim ki, ilk fürsətdə gedin, ömür çox da vəfalı deyil. Kimin nə qədər yaşayacağı, bəlli deyil. Elə oğullar tanıyıram ki, 27 il kəndinin həsrətində olub, torpağı  işğaldan azad olunanda sevincindən ürəyi partlayıb. Heç kimə məcbiri köçkünlük arzu etməzdim. Adam bir manat itirəndə saatlarla axtarır ki, görəsən, hara düşüb. El-obasını, yurdunu  itirmiş, heç həmin torpaqlardan olmayan insanlara belə “sən niyə ora getdin” demək hesab edirəm ki, yaxşı nümunə deyil.

– Siz o torpaqlara bu dəfə müharibə veteranı, bir siyasətçi olaraq qalib ölkənin vətəndaşı kimi getdiniz. Hansı hissləri yaşadınız?

– Qalib olmaq ayrı bir hissdir. Hər bir milləti formalaşdıran qalibiyyətdir. Millət qalibiyyətin fonunda tarix yaradır, qəhrəman yaradır, film çəkir, nəsr əsəri yazır. Millətin tarix səlnaməsi bu cür yaradılır. 27-28 il yaza bilmədiyimiz bir tarix var idi. Bu hiss millətimiz üçün yeni bir dövr açacaq, yeni səlnamə yaradacaq. Bunun artıq elementlərini görürük. Ola bilsin ki, kimlərsə hələ bunu hiss etmir. Amma bu proses başlayıb.

– Dialoqa hakimiyyət tərəfindən bütün partiyalar dəvət alsa da, bəziləri imtina etdi. Amma biz ən qatı düşmənlərin belə dialoqla bir araya gəldiyini görmüşük. Sizcə, niyə həmin qüvvələr danışmağa üstünlük vermədilər?

– Bu, onların problemidir. Mən onları ittiham etmək istəmirəm, amma bildiyim həqiqətlər var. Bir problem varsa, ya danışaraq, ya dalaşaraq həll edirsən. Biz danışmağı seçmişik, danışmaq istəməyənlər dalaşmağı seçiblərsə, axı dalaşmırlar. Mən danışıram və problemlərin həlli üçün səy göstərirəm.  Axı sən dalaşmırsan, mən sənin dalaşdığını görmürəm. Dalaşmırsansa, danışacaqsan. Yazıçı Lev Tolstoyun məşhur sözü var,  deyir, yarımçıq hamiləlik olmur. Sən proseslərə yarımçıq yanaşma. Əgər dalaşa bilmirsənsə, savaşla problemləri həll edə bilməyəcəksənsə, get otur masada. Ermənistan-Azərbaycan münaqişəsində dalaşana qədər masa arxasında əyləşdik. Nə qədər ki, dalaşmırsan, masada əyləş. İndi bizimlə onların bir fərqi var. Onların çox uzaqdan dediyi sözləri mən masa arxasında mənimlə danışanlara deyirəm. Deyirəm ki, Azərbaycanda insan haqları, söz, mətbuat azadlığı  sahəsində problemlər var, seçkilərdə qanun pozuntuları olur, məhkəmə sistemi ilə bağlı problemlər var  və s. Bütün çatışmazlıqları sadalayıram. İndi, sizcə, bunları çox uzaqdan demək yaxşıdır, yoxsa yaxından. Çox uzaqdan deyiləndə, bəzən səslər eşidilmir, ona görə yaxıdan demək lazımdır ki, hakimiyyət başa düşsün ki, onun opponetləri israrla problemləri gündəmə gətirir. Mən danışmağın tərəfdarıyam. Yox, dava etmək istəyirsinizsə, bunu da göstərin, amma dalaşmırsınız.

Mən millətimin bir-birilə savaşmasını istəmirəm. Bəlkə bir az gec əldə olunur, amma hər halda eyni millətin övladlarıyıq və fərqli Azərbaycan qurmaq istəyirik. Fərqli Azərbaycan radikallıqla qurulmayacaq. İnqilab hakimiyyəti dəyişə bilər, amma təfəkkürü, düşüncəni dəyişməz. Bunun üçün danışmaq lazımdır. Sivil dövlətlər müharibəni öz içlərindən çıxarıb, uzağa ötürüblər, biz isə istəyirik ki, müharibəni öz içimizə çəkək, həm də özümüzünkülərlə, bir-birmizlə döyüşək. Bu, bizə fayda gətirməyəcək.

– Dialoq prosesinin gələcəyini necə görürsüz? Sizcə, bu, nə vaxta kimi davam edəcək?

– Mən dialoqu sonsuz proses hesab etmirəm. İlk seçki bunun qırılacağı gündür. İlk seçkidə demokratiyaya, seçkiyə, insan haqlarına göstəriləcək münasibət bunun dönüşü olacaq. Çünki dialoq seçkidən sonra başlayıb.

– Pandemiya bitdikdən sonra prosesin daha da aktivləşəcəyini gözləyirsiniz?

– Yaşayaraq, görərik, mən bir neçə ayları, illəri əhatə edəcək hansısa mövqe ifadə etmək istəmirəm. Bu gün biz yanaşı addımlaya bilirik, masa arxasında əyləşə bilirik, bir-birimizə telefon zəngi edə bilirik, bu, Azərbaycan siyasətində yeni bir dövrdür. İqtidar və müxalifət bundan əvvəl bir-birinə düşmən kimi davranıb. Yaxşı bir mərhələdəyik, sonrakı necə olacaq, cəmiyyət, siyasi institutlar nə qazanacaq, bunu zaman göstərəcək. Ona görə də çox irəliyə gedib nəticələr çıxarmağın tərəfdarı deyiləm.

– İqbal bəy, partiyanızın təqdim etdiyi təkliflərdən reallaşan olub?

– Bəi, mənim çox təklifərim nəzərə alınıb, istər Qarabağ, istər pandemiya, istər digər məsələlərlə bağlı olsun. Onların bizim təklifimiz olduğu açıqlanmasa da, əsas odur ki, bundan cəmiyyət xeyir görsün. 

PƏRVANƏ  

https://525.az/news/178197-men-dalasmagin-yox-danismagin-terefdariyam-iqbal-agazade

About Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir